Bununla bağlı cənab İlham Əliyev aşağıdakı məqamlara diqqət yetirməlidir.
1. Hətta məclisin məddahı belə olmayan iştirakçılardan birinin emosional sözləri həmin məclisin rəsmiləri və təşkilatçıları tərəfindən təsdiqlənməyib, xüsusən də Ayətullah Amili həmin məclisdə ona yazılı xəbərdarlıq edib, onun ifadələrinə qəti müxalif olub. Həmçinin Ərdəbil Bazarı İslami Assosiasiyası və Ərdəbilin Əzəm Məscidinin Qəyyumlar Şurası bəyanat yayaraq həmin şəxsin sözlərinin mərasimin proqramları ilə heç bir əlaqəsi olmadığını açıqlayıb. Bu bəyanatın bir hissəsində deyilir: “Təəssüf ki, möhtəşəm bir toplantıda tədbirin təsdiq edilmiş proqramları ilə heç bir əlaqəsi olmayan bir şəxs gözlənilmədən, emosiyalar üzündən, İsraillə sıx əməkdaşlıq etdiyinə inandığı bəzi əcnəbi şəxsləri aşağılayacaq sözlər dedi. Halbuki, bu kimi məsələlər İslam İnqilabının məqsədinə və məddahlıq camiəsinin yanaşmasına tamamilə ziddir və qətiyyən, təsdiq edilmiş proqramlar siyahısında olmamışdır.”
Habelə, Xarici İşlər nazirinin köməkçisi və XİN-nin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçilu da bununla bağlı bildirdi: “Bu cür bəyanatların İran İslam Respublikası hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi yoxdur. İran İslam Respublikasının əsas siyasəti qonşu dövlətlər, xüsusilə də iki xalqın dərin tarixi, sivilizasiya, dini və kimlik bağlarına arxalanaraq, Azərbaycan Respublikası ilə dostluq əlaqələrini mümkün qədər genişləndirməkdən ibarətdir. Hər iki ölkə ikitərəfli münasibətləri üçüncü tərəflərin hər hansı mənfi və yersiz hərəkətlərindən qorumaq əzmindədir.”
2. Ayətullah Seyid Həsən Amili öz çıxışlarında həmişə İran və Azərbaycan Respublikası münasibətlərini müdafiə edən və iki ölkə arasında əlaqələrin gücləndirilməsinə çağıran şəxsiyyətlərdəndir. Məsələn, 22 iyul 2023-cü ildə İran İslam Respublikası xəbər agentliyinə (İRNA) verdiyi müsahibədə Azərbaycan xalqına salam və dualarla yanaşı deyir: “Allahdan Azərbaycana başıucalıq arzu edirəm. Biz Azərbaycanın inkişafını öz iftixarımız və şərəfimiz bilirik, Azərbaycanın izzətini öz izzətimiz bilirik, Azərbaycan xalqının çətinliyini öz çətinliyimiz bilirik. İki ölkə bir-birinə nə qədər yaxın olsa, hər iki ölkə üçün bir o qədər xeyirlidir və iki xalq arasında ixtilaflara yer yoxdur. Bizim ortaq düşmənimiz vardır ki, zehnləri sapındırır, Azərbaycan xalqına İranla bağlı pis görüntü təqdim edir. Hər iki ölkə həqiqətləri aydın şəkildə çatdırmağa çalışmalıdır.”
Onun Azərbaycan Respublikası ilə İsrail arasındakı münasibətləri tənqid edərkən söylədiyi bəzi sözlər həmişə nəsihət və xeyirxahlıq məqsədilə və Azərbaycan Respublikasının müsəlman xalqının mənafeyinə uyğun olub. Azərbaycan xalqı və hökuməti buna görə Ayətullah Amiliyə minnətdar olmalıdır. Son məsələdə də o, dedi: “Bu həftə məclislərin birində adi və qeyri-rəsmi şəxsin istifadə etdiyi uyğun olmayan ədəbiyyat bizim rəsmi, dini və etiqadi ədəbiyyatımız və İslam Respublikasının rəsmi mövqeyi ola bilməz. Bunu ölkənin mövqeyi kimi qələmə vermək diplomatiya aləmində tamamilə qeyri-ənənəvidir və sual doğurur. Hamı bilir ki, ayrı-ayrı adamların şəxsi açıqlamaları heç bir halda dünyanın heç bir hökumətinin rəsmi mövqeyi deyil.”
3. Amma cənab İlham Əliyev, Ayətullah Amilini təyin edən o ali şəxsiyyət, o kəsdir ki, onun göstərişi ilə naxçıvanlıların çətin günlərində İran məmurları öz dindaşlarının köməyinə tələsdi, onların xilaskarı oldular. Atanız cənab Heydər Əliyev “Azərbaycan” qəzetinin 12 oktyabr 1999-cu il, 234 sayına müsahibəsində bununla bağlı deyir: “Ermənistanın təcavüzü nəticəsində Naxçıvan Azərbaycan ərazisindən ayrılanda bu muxtar respublikanın Bakı və Azərbaycanın digər şəhərləri ilə əlaqələri tamamilə kəsilmişdi. Orada işıq və qazımız yox idi, su da çox qıt idi. Yaşayış çox çətin idi. O zaman hörmətli Prezident Haşimi Rəfsəncani və Xarici İşlər naziri Əli Əkbər Vilayəti məni Tehrana dəvət etdilər. Biz orada Naxçıvana kömək etməyi müzakirə etdik. İmzaladığımız p
rotokola əsasən, İrandan Naxçıvana elektrik enerjisinin ixracına başlanıldı. Naxçıvana müəyyən ərzaq yardımı da edildi. İran və Azərbaycan arasında mövcud olan körpü ilə gediş-gəliş bir qədər asanlaşdırıldı. Naxçıvanlıların İrana, iranlıların isə Naxçıvana səfəri və insanların ticarəti ilə bağlı məsələlər asanlaşdırılırdı. Bir çox başqa işlər də görüldü.”
Cənab Prezident, Ərdəbilin İmam cüməsini təyin edən o böyük insan həmin kəsdir ki, Birinci Qarabağ müharibəsi zamanı dəfələrlə bu bölgənin əhalisi ilə həmdərd olduğunu ifadə edib, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib. O, 20 aprel 1994-cü ildə Həcc ziyarəti təşkilatçıları ilə görüşündə buyurdu: “Bu gün mən keçmiş Yuqoslaviyanın faciələrindən danışdım, ancaq təkcə bu deyil. Bizim yaxınlığımızda Azərbaycan Respublikasının Qarabağ bölgəsində müsəlmanlarının başına gələnlər o faciələr kimidir.”
Bu Ali Məqamlı Rəhbər İkinci Qarabağ müharibəsində də Azərbaycan Respublikasının ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmişdir və 3 noyabr 2020-ci ildə buyurdu: “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqları azad edilməlidir və Azərbaycana qayıtmalıdır.” Unutmayın ki, yaxın dostlarınızdan heç biri belə bir mövqe tutmadı. Mütləq bilirsiniz ki, bu gün ölkənizdə şiələrin əksəriyyəti bu ali təqlid mərcəsinin müqəllididir.
4. Cənab İlham Əliyev, Ərdəbildə keçirilən məclis Çaldıran müharibəsi şəhidlərinin, yəni Azərbaycan Respublikası xalqının bəzi əcdadlarının xatirəsini yad etmək üçün idi. Bilirsiniz ki, o zaman Qafqaz İranın ərazi bütövlüyündə idi və Səfəvilərin Osmanlı türkləri ilə müharibəsində bu gün bəzi övladları sizin ölkədə yaşayan İranın qeyrətli azəriləri Osmanlı ordusuna qarşı durdular, öz Vətənlərini, yəni İranı müdafiə etdilər və şəhid oldular.
Cənab İlham Əliyev, heç vaxt tarixi unutmayın və Ərdəbil məclisindəki o özbaşına adam kimi emosiya üzündən danışmayın. Unutmayın ki, siz bir ölkənin Prezidentisiniz; ona görə də prezident kimi danışın.
Sizin rəyiniz